Yaponiya hökuməti Göyçay rayonunun Yeniarx kəndində tibb məntəqəsinin tikintisi üzrə layihəni maliyyələşdirib. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
“Yaponiyanın Azərbaycandakı səfiri Teruyuku Katori yeni tibb məntəqəsi layihəsinin reallaşdırılması üçün Göyçayda səfərdə olub”, - məlumatda deyilir.
T.Katorinin sözlərinə görə, layihə Yeniarx kəndinin sakinlərinə göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsinə yönəldilib.
Layihə Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı” çərçivəsində reallaşdırılıb.
Göyçay rayonunda həyata keçirilən sayca yeddinci layihənin ümumi məbləği 49,585 ABŞ dolları təşkil edir.
“Bütövlükdə, Azərbaycanda bu proqram çərçivəsində təhsil, səhiyyə, ekologiya, kənd təsərrüfatı və mədəniyyət sahələrində $20 mln. ümumi məbləğində 235 layihə reallaşdırılıb”, - “İnterfaks-Azərbaycan” agentliyinə Yaponiyanın Bakıdakı səfirliyindən məlumat verilib. **
R.Babayev