İpoteka və Kredit Zəmanət Fondu 2019-cu ilin ikinci rübündə zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin elektron sistemini tətbiq etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fonddan məlumat verilir.
“Hazırda Fond tərəfindən zəmanətin və faiz subsidiyasının verilməsi prosesinin avtomatlaşdırılması sistemi yaradılır. Elektron sistemin növbəti ilin ikinci rübündə istifadəyə veriləcək”, - Fonddan qeyd ediblər.
2018-ci il oktyabr ayından etibarən Fond zəmanətlər hesabına kreditlərin verilməsinə başlayıb. “Ötən dövr ərzində Fondun zəmanət və subsidiya mexanizminin tətbiqi üzrə bütün normativ-hüquqi bazası yaradılmış, təşkilati və struktur məsələləri həll edilmiş və 13 bank müvəkkil qismində əməkdaşlığa cəlb olunmuşdur. Artıq oktyabr ayından başlayaraq ötən qısa müddətdə Fond tərəfindən verilən zəmanətlər hesabına sahibkarlara 17 mln. manat məbləğində kreditin verilməsi təmin olunub”, - Fonddan bildiriblər.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.
Şərtlərə görə, İKZF 30 min manatdan 3 mln. manatdək məbləğdə olan kreditlərə zəmanət verə bilər. Kreditin müddəti 7 ildən, kredit üzrə güzəşt dövrü isə 2 ildən çox ola bilməz. **
Ə.Məmmədov