Qazaxıstan Azərbaycana ixrac tədarükünü artırmağı ümid edir. Bunu Qazaxıstanın milli iqtisadiyyat naziri Timur Suleymenov deyib.
“İkitərəfli ticarətin təhlili aşağıdakı məhsulların Azərbaycana ixrac tədarükü üzrə mühüm perspektivlərini nümayiş etdirdi: neft və neft məhsulları, metallurgiya və neft kimyası məhsulları, taxıl və akkumulyatorlar. Akkumulyatorlar, yağlı bitkilərin toxumları, düyü, arpa, barium sulfat kimi məhsullar Qazaxıstandan Azərbaycana ixracının artımı üçün əsas potensial mallardır”, - T.Suleymenov «Caspian Energy» jurnalına müsahibəsində bəyan edib.
O qeyd edib ki, hər iki ölkə qarşılıqlı səmərəli mallar və xidmətlərin tədarükünün dərinləşdirilməsi və stimullaşdırılması, ixrac olunan malların çeşidinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılmasına dair işi davam etdirməlidir.
Nazir məlumat verib ki, 2018-ci ilin 9 ayının yekunları üzrə Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi $202,5 mln. təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,2 dəfə çoxdur ($93,4 mln.).
T.Suleymenovun sözlərinə görə, Azərbaycandan idxal olunan ASK məhsullarının həcmi 6,3% təşkil edir. Eyni zamanda, 2018-ci ilin 9 ayı ərzində idxal olunan kənd təsərrüfatı mallarının sayı 47-dən 57 növə qədər artıb.
“Bu vəziyyət qarşılıqlı ticarətin inkişafı üçün mühüm potensialın mövcudluğu barədə xəbər verir. Ticarət dövriyyəsinin dəfələrlə artırılması üçün hər cür ehtiyat və zəmin var”, - nazir bildirib.
T.Suleymenov qeyd edib ki, Qazaxıstan ticarət münasibətlərinin genişləndirilməsi üçün Azərbaycanı 2011-ci ildə imzalanan MDB-də Azad Ticarət Zonasına dair Müqavilənin iştirakçısı qismində görmək istərdi. “Qeyd etmək lazımdır ki, Qazaxıstan və Azərbaycan MDB iştirakçı dövlətlərdir. Eyni zamanda, hazırda Azərbaycan 2011-ci ildə imzalanan MDB-də Azad Ticarət Zonasına dair Müqavilənin iştirakçısı deyil. Belə ki, ölkələrimizin gələcəkdə ticarət potensialının genişləndirilməsi məqsədilə Azərbaycanı qeyd olunan müqavilənin fəal iştirakçıları sırasında görmək istərdik”, - nazir vurğulayıb. **
B.Rüstəmbəyov