Azərbaycan prezidenti İlham Əliyev “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını nəzərdə tutan Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Müvafiq fərman bazar ertəsi dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun, həmçinin övladlığagötürmə sahəsində digər xidmətlərin elektron qaydada aparılmasını təmin etmək məqsədilə nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasını və 2019-cu il iyunun 1-dən fəaliyyətə başlamasını təmin etməlidir.
Övladlığagötürmə sahəsində vahid nəzarəti, eləcə də əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikası vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı nəzarət tədbirlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək. **
R.Babayev