Azərbaycan prezidenti İlham Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.
Fərmana əsasən, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nizamnamə fondu 10 mln. manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
DOST Agentliyinin aparatının işçilərinin say həddi 312 ştat vahididir.
“DOST” mərkəzləri işçilərinin say həddini, onların göstərdiyi xidmətlərin həcmi nəzərə alınmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edir.
Fərmanda qeyd edilir ki, DOST Agentliyinin, o cümlədən “DOST” mərkəzlərinin saxlanma xərcləri və fəaliyyəti aşağıdakı mənbələrdən maliyyələşdirilir: dövlət büdcəsi; fəaliyyətindən əldə edilən gəlir; işsizlikdən sığorta fondunun büdcəsi; Dövlət Sosial Müdafiə Fondunun büdcəsi.
Nazirlər Kabinetinə “DOST” mərkəzlərində ödənişli xidmətlər göstərilməsinin qanuni əsaslarına dair təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etmək tapşırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “DOST” mərkəzləri publik hüquqi şəxslərin yaradılmasını təmin etmək tapşırılıb.
Xəbər verildiyi kimi, yaxın 7 il ərzində Azərbaycanda Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin nəzdində 31 DOST mərkəzinin yaradılması planlaşdırılır.
DOST mərkəzlərində vətəndaşlara 124 xidmət göstəriləcək. **
B.Rüstəmbəyov