Dekabrın 12-də Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrotti ilə görüş keçirəcək.
Azərbaycan prezidenti İlham Əliyev dekabrın 11-də NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı (SACEUR) Körtis Skaparrottini qəbul edib.
“K.Skaparrotti V.Gerasimov ilə keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə İ.Əliyevə minnətdarlığını bildirdi”, - Azərbaycan prezidentinin saytında verilən məlumatda deyilir.
O, Bakının belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğuladı.
“K.Skaparrotti Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirdi”, - məlumatda qeyd olunur.
Öz növbəsində, İ.Əliyev qlobal təhlükəsizliyə aid olan vacib məsələlərin müzakirə edilməsi üçün bir çox ölkələr arasından Azərbaycanın seçilməsini ölkəmizə olan hörmət və etimadın təzahürü kimi dəyərləndirdi.
Dövlət başçısı NATO-nun Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasında ölkəmizin fəal iştirak etdiyini, Azərbaycan hərbçilərinin sayının artırıldığını və əməliyyatlarda iştirak edən dövlətlərə zəruri nəqliyyat və logistik dəstək göstərildiyini vurğuladı.
Bununla bərabər, İ.Əliyev Azərbaycanın ikitərəfli əsasda da Əfqanıstana dəstək göstərdiyini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrinin Əfqanıstan üçün yeni imkanlar yaratdığını vurğuladı. **
F.İsazadə