2018-ci ildə 26 rayon üzrə arıçılıq təsərrüfatlarına ümumilikdə 480,3 min manat məbləğində subsidiya veriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Nazirlikdə arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib. İclasda 26 rayon komissiyasından daxil olmuş sənədlərə baxılıb, 480,3 min manat məbləğində subsidiyanın verilməsi barədə qərar qəbul edilib”, - nazirlikdən bildirilir.
Bu qərar 2189 arıçı və arıçılıq təsərrüfatını əhatə edəcək.
Beləliklə, 2018-ci ildə 4654 arıçı və arıçılıq təsərrüfatına 1 mln. 138,15 min manat məbləğində subsidiyanın ödənilməsinə dair qərar qəbul edilib.
Prezident İlham Əliyev cari ilin mart ayında arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 5 il müddətinə (2018-2023-cü illər) subsidiyanın verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən arıçılara saxladıqları hər arı ailəsinə (pətəyə) görə ildə 10 manat məbləğində subsidiya verilir.**
B.Rüstəmbəyov