2018-ci ilin yanvar-sentyabr aylarında Bakı-Supsa kəməri ilə neft nəqlinin həcmi 2 mln. 798,6 min ton təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə neft bazarındakı mənbə məlumat verib.
“2018-ci ilin yanvar-sentyabr aylarında Bakı-Supsa kəməri ilə 2 mln. 798,6 min ton neft nəql edilib. 2017-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 2 mln. 690,7 min ton səviyyəsində olub. Beləliklə, ötən ilin analoji dövrü ilə müqayisədə nəqlin həcmi 4% artıb”, - mənbə bildirib.
2017-ci ildə Bakı-Supsa neft kəməri ilə 3 mln. 791,2 min ton neft nəql olunub.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsi haqqında müqavilə çərçivəsində inşa edilib. **
N.Abbasova