Türkiyənin paytaxtında dəmir yolunda baş verən qəzada ən azı 7 nəfər həlak olub, 46 nəfər yaralanıb. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat verib.
Üç nəfər yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.
Cümə axşamı Ankarada Marşandiz dəmiryol stansiyasında iki qatarın toqquşması nəticəsində yerüstü piyada keçidi çöküb.
CNN telekanalının məlumatına görə, stansiyada keçidin bir hissəsi qatarın vaqonları üzərinə düşüb. İnternet şəbəkələrində yayılan videoçarxlarda göründüyü kimi, xilasedicilər və işçilər keçidin uçan metal parçaları altında sıxılmış halda qalan vaqonlardan sərnişinləri çıxarmağa yardım edirlər.
Toqquşmadan sonra qatarın iki vaqonu relsdən çıxıb, qəza yerinə çox sayda təcili yardım və yanğınsöndürən maşınlar cəlb olunub. **