Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2019-cu ilin II və IV rübündə “Azəri-Çıraq-Günəşli” blokunda iki platformada profilaktik işlər həyata keçirməyi planlaşdırır. Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strateji məsələlər üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.
“Bu günə planlarımız ondan ibarətdir ki, gələn ilin ikinci rübündə “Mərkəzi Azəri”, dördüncü rübdə, təqribən oktyabrda – “Qərbi Çıraq” platformasında profilaktik işlər həyata keçiriləcək. Lakin bunlar cari planlardır və gələcəkdə nəzərdən keçirilə bilər”, - B.Aslanbəyli bu gün “İnterfaks-Azərbaycan” agentliyinin sualına cavabında jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu müddət ərzində qeyd olunan platformalardan hasilat dayandırılacaq
Platformalarda profilaktik işlər ənənəvi olaraq 15 gün əzrində aparılır.
ABƏŞ-in məlumatına görə, 2018-ci ilin 9 ayı ərzində “Mərkəzi Azəri” platformasında sutkalıq hasilatın həcmi 156 min barel, “Qərbi Çıraq” platformasında – 57 min barel təşkil edib.
Yanvar-sentyabr aylarının yekunları üzrə AÇG blokunda orta sutkalıq neft hasilatı həcmi 588 min təşkil edib. Nəticədə, blokda 22 mln. ton neft hasil olunub. “Mərkəzi Azəri” və “Qərbi Çıraq”dan başqa hasilat “Çıraq”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Azəri” platformalarından həyata keçirilir.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur.
“Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb. **
N.Abbasova