Rusiya və Azərbaycan hüquq bərabərliyi, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında strateji tərəfdaşlıq münasibətləri qurur. Bu barədə Rusiya XİN-nin saytında dərc olunan şərhdə deyilir.
“Ticarət-iqtisadi və regionlararası əməkdaşlıq fəal inkişaf edir. Humanitar sahə Rusiya-Azərbaycan qarşılıqlı əlaqənin mühüm tərkib hissəsi olaraq qalır. Burada bizə miras qalan ümumi dil, təhsil və mədəniyyət məkanının möhkəmlənməsinə xüsusi diqqət ayrılır”, - məlumatda qeyd olunur.
Rəsmi Moskva vurğulayır ki, Rusiya ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məqsədilə fəal çalışır.
13-14 dekabr tarixlərində Rusiya XİN başçısı Sergey Lavrov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycanda səfərdə olacaq.
Səfər çərçivəsində S.Lavrov Azərbaycan prezidenti İlham Əliyev və XİN başçısı Elmar Məmmədyarovla görüşlər keçirəcək.
“Tərəflər qarşılıqlı əlaqələrin əsas məqamları, regional və beynəlxalq gündəliyi müzakirə edəcəklər. Keçiriləcək görüşlər ölkələrimizin maraqlarına cavab verən Rusiya-Azərbaycan konstruktiv siyasi dialoqun inkişafına yönələn xəttin davamıdır”, - Rusiya XİN-nin məlumatında qeyd olunur. **
R.Babayev