Vergilər Nazirliyi tərəfindən bir sıra özəl klinikalrda vergidən yayınma halları aşkar olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilir.
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru Xəqani İsgəndərov qeyd edib ki, ilkin araşdırmalar zamanı özəl tibb müəssisələrinin 77%-də əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 51%-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işə cəlb edilməsi, 61%-də pul vəsaitinin uçota alınmaması hallarına rast gəlinib.
“Əldə edilmiş sənədlər üzrə aparılmış təhlillər zamanı əvvəlki dövriyyələrin 3,2 dəfə və ya təxminən 231 mln. manata yaxın gizlədildiyi aşkar edilib. Əməkhaqqı üzrə ödəmələrin yayındırılması halları müəyyən edilmiş 22 vergi ödəyicisi üzrə 2018-ci ilin 9 ayında bəyannamələrdəki məbləğlərinin real göstəricilərə nisbətən 7,6 dəfə az əks olunduğu müəyyən edilib. Bir sıra klinikalarda həkimlərə verilən aylıq əməkhaqqı məbləği 130-490 manat göstərilməsinə baxmayaraq, bu məbləğin on minlərlə manat olduğu təsdiqini tapıb”, - X.İsgəndərov qeyd edib.
O əlavə edib ki, xəstəxanalara müayinə üçün göndərilən xəstələr tərəfindən ödənilən məbləğlərdən müəyyən faiz şəklində həkimlərə vəsaitlərin ödənildiyi halları da öz təsdiqini tapıb
“Bəzi klinikalarda həkimlərin gəlirləri əməliyyatdan daxil olmuş məbləğlərin 50-70%-ini əhatə etdiyi aşkar edilib. Aparılan yoxlamalar özəl tibb müəssisələrində qeyri-rəsmi əməkhaqlarının geniş tətbiq edilməsini bir daha təsdiq edib”, - X.İsgəndərov bildirib. **
Ə.Məmmədov