Azərbaycanın işğal olunmuş əraziləri tam azad olunanadək Bakı Ermənistanı təcrid vəziyyətində saxlayacaq. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq. Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir”, - İ.Əliyev bu gün Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın məqsədyönlü siyasəti Ermənistanda 20 il ərzində öz xalqını istismar edən rejimin çökməsində öz rolunu oynayıb.
İ.Əliyev vurğulayıb ki, Azərbaycan beynəlxalq müstəvidə sübut edib ki, Ermənistan-Azərbaycan münaqişəsində haqlı tərəfdir.
Prezident qeyd edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun Zirvə görüşündə də Azərbaycanın ərazi bütövlüyü ilə bağlı çox önəmli məsələ öz əksini tapıb. **
R.Babayev