Gələn həftə Azərbaycan Cenevrədə Ümumdünya Ticarət Təşkilatına daxil olması üzrə danışıqların növbəti raundunu keçirəcək. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Danışıqlar davam edir, bu istiqamətdə iş həyata keçirilir. Gələn həftə Cenevrədə görüş baş tutacaq”, - M.Məmmədquliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Eyni zamanda, nazir müavini ÜTT-yə daxil olmaq məsələsində Azərbaycana müəyyən təzyiqin olduğunu qeyd edib. “Azərbaycana müəyyən təzyiq göstərilir, bu yolverilməzdir. Bunu və ya digərini edin kimi göstərişlər deyil, Azərbaycanın maraqları nəzərə alınmalıdır. Bu düzgün deyil”, - M.Məmmədquliyev əlavə edib.
Eyni zamanda, nazir müavini təzyiqin kimin tərəfindən göstərildiyini dəqiqləşdirməyib.
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün ərizə verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında Oman və BƏƏ, 2010-cu ilin may ayında Gürcüstan, 2012-ci ildə Qırğızıstanla ÜTT-yə daxil olmaqla bağlı danışıqların başa çatması haqqında ikitərəfli protokol imzalayıb.**
F.İsazadə