Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Bakıda təşkilatın fəaliyyətinin effektivliyinin artırılması və əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə edəcəklər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir ki, cümə günü Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclası öz işinə başlayıb.
E.Məmmədyarov qeyd edib ki, Bakıda keçirilən iclas fikir mübadiləsi aparmağa və təşkilat çərçivəsində əməkdaşlığın cari səviyyəsini müzakirə etməyə imkan yaradacaq.
“İclas zamanı fəaliyyətimizin səmərəliliyinin artırılması, ticarət, enerji, turizm, tranzit, kənd təsərrüfatı sektorunda əməkdaşlığa yardım və s. məsələlər müzakirə olunacaq”, - o bildirib.
Sonra Xarici İşlər Nazirləri Şurasının iclası mətbuat üçün qapalı rejimdə davam edib. .
QDİƏT tərkibinə daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna. **
F.İsazadə