Azərbaycan Milli Məclisin spikeri Oqtay Əsədov əmindir ki, Ermənistan-Azərbaycan münaqişəsi dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi prinsipi əsasında öz həllini tapacaq.
“Əminəm ki, nəinki ölkəmizin, həm də bütün Cənubi Qafqaz bölgəsinin inkişafına maneə törədən Ermənistan-Azərbaycan münaqişəsi dövlətlərin ərazi bütövlüyünün təminatı başda olmaqla, beynəlxalq norma və prinsiplərə riayət olunmaqla həll olunacaq”, - O.Əsədov cümə günü Bakıda Parlamentlərarası İttifaqın gənc parlament üzvlərinin V Qlobal Konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan gəncləri ərazilərimizin Ermənistan tərəfindən işğalının nəticələri barədə beynəlxalq birliyi məlumatlandırmaq məqsədilə bütün imkanlardan istifadə edirlər.
Spiker qeyd edib ki, qəbul olunan qərar və qətnamələrdə beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə ediblər. “BMT, AŞPA, ATƏT, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı birmənalı şəkildə Azərbaycanın ərazi bütövülüyü dəstəkləyirlər” , - O.Əsədov vurğulayıb. **
R.Babayev