Maliyyə naziri Samir Şərifov cümə axşamı Qara Dəniz Ticarət və İnkişaf Bankının yeni prezidenti Dmitri Pankin ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilir.
“S.Şərifov cümə axşamı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün ölkəyə səfərə gələn Qara Dəniz Ticarət və İnkişaf Bankının yeni prezidenti D.Pankinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib”, - məlumatda qeyd olunur.
Tərəflər Azərbaycan ilə QDTİB arasında tərəfdaşlığın mövcud vəziyyəti və bankın 2019-2022-ci illər üzrə Orta müddətli Strategiya və Biznes Planının layihəsi, həmçinin bunun əsasında hazırlanacaq Azərbaycan üzrə 2019-2022-ci illər üçün ölkə strategiyası və digər məsələləri müzakirə ediblər.
Bank bugünədək Azərbaycanda özəl sektora 34 layihə üzrə 339 mln. avro məbləğində kredit ayırıb.
Qara Dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ilin yanvar ayında Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək göstərilməsi və regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılıb. Onun təsisçiləri və səhmdarları 11 ölkənin – Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hökumətləridir. Bankın kapitalında Azərbaycanın payı 5%-dir. **
Ə.Məmmədov