Azərbaycan İranın bir sıra vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub. Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin (QTA) məlumatında deyilir.
“Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılması müəyyən edilib. Bununla əlaqədar olaraq, İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb”, - məlumatda deyilir.
Nəzarət tədbirlərinin gücləndirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən İran İslam Respublikasının Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən gələn və ya həmin ərazidən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub. **
R.Babayev