2018-ci ilin yanvar-sentyabr ayları ərzində tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 5.1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15%-ni təşkil edib. Bu barədə Maliyyə Sabitliyi Şurası qeyd edir.
Azərbaycan Respublikasının baş nazirinin sədrliyi ilə Maliyyə Sabitliyi Şurasının cari ilin 9 ayının yekunlarına həsr edilmiş iclası keçirilib.
“Ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5.1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15%-ni təşkil edib. (ötən ilin analoji dövrü ilə müqayisədə artım 4,6 dəfə - İF). Bu, neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı qeyri-neft sektoru üzrə ixracın genişlənməsi ilə əlaqədardır”, - Şuranın məlumatında qeyd olunur.
Valyuta bazarında tarazlıq qorunub. “9 ay ərzində ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7,6% artaraq 45 mlrd. ABŞ dolları ötüb”, - məlumatda vurğulanır.
Dövlət büdcəsinin 423.7 mln. manat məbləğində profisit yaranıb, orta illik inflyasiya 2.6%-dək azalıb, manatla geniş pul kütləsi 8,3% artıb, iqtisadiyyata kredit qoyuluşları 4.6%, fiziki şəxslərin depozitləri 8.4% artıb.
“Şura üzvləri 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd ediblər”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan hökumət 2018-ci ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının profisitini $3 mlrd. 651,4 mln. və ya ÜDM-in 8,1% səviyyəsində proqnozlaşdırır.
2017-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $1 mlrd. 684,6 mln. təşkil edib. **
A.Əzizov