2018-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan qeyri-neft məhsullarının ixrac həcmi $1,1 mlrd. təşkil edib ki, bu da ötən ilin göstəricisindən 11,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
"Tədiyə balansına əsasən, 2018-ci ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixracın həcmi $1,1 mlrd. təşkil edib və 2017-ci illə müqayisədə 11,8% artıb", - AMB-dən bildirilir.
Eyni zamanda, I rübdə qeyri-neft məhsullarının ixrac həcmi $337,7 mln., II rübdə - $475,8 mln., III rübdə - $286,5 mln. təşkil edib.
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan $15,2 mlrd. dəyərində məhsul ixrac edib. Beləliklə, qeyri-neft ixracının həcmi 7,2% təşkil edib.
Azərbaycan 2017-ci ildə qeyri-neft məhsullarının ixrac həcmini 27% - $1,5 mlrd.-dək artırıb.**
Ə.Məmmədov