Azərbaycan Ordusunda mövcud olan texnika və silahlar düşmənin istənilən hərbi hədəfi və mövqelərini darmadağın edə bilər. Bunu Azərbaycan prezidenti İlham Əliyev deyib.
“Bu gün mövcud olan texnika və silahlar imkan verir ki, biz işğalçıların istənilən hərbi hədəfini yüksək dəqiqlik və böyük dağıdıcı qüvvə ilə darmadağın edə bilək”, - İ.Əliyev bazar ertəsi Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin orderlərinin təqdim olunması mərasimində bildirib.
Prezidentin sözlərinə görə, hər bir ölkənin, o cümlədən müharibə şəraitində yaşayan ölkələrin gücünü, ilk növbədə, onun hərbi qüdrəti müəyyən edir.
“Əlbəttə ki, bizim güclü hərbi potensialımız Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əsas amildir”, - İ.Əliyev bəyan edib.
Dövlət baçısı qeyd edib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyəti artır.
“Bu gün ordumuz istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir. Son illərin hadisələri bunu əyani şəkildə göstərir. Deyə bilərəm ki, bu il də Naxçıvan istiqamətində Ermənistan-Azərbaycan sərhədi sahəsində ordumuzun uğurlu əməliyyatı nəticəsində 11 min hektar torpaq tam nəzarətimizə keçib”, - İ.Əliyev vurğulayıb.
Onun sözlərinə görə, bu əməliyyat nətcəsində Azərbaycan strateji yüksəklikləri əldə etdi. “Bu yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisində strateji yollara, kommunikasiyalara tam nəzarət edə bilək. Həm Aprel döyüşləri, həm də uğurlu Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, ordumuz peşəkardır, döyüş qabiliyyəti yüksək səviyyədədir”, - president bildirib.
O, Orduda yüksək ruhun mövcudluğunu qeyd edib. “Əlbəttə, bir daha demək istəyirəm ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bütün başqa amillərlə yanaşı, ən birinci amil bizim hərbi gücümüzdür, qüdrətimizdir”, - İ.Əliyev deyib.
Prezident vurğulayıb ki, Azərbaycan gücünü artırmağa davam edəcək.” Onu da bildirməliyəm ki, bu il bir çox önəmli kontraktlar imzalanmışdır. Bu kontraktların icrası nəticəsində ölkəmizə ən müasir silahlar və texnika gətiriləcək”, - İ.Əliyev bəyan edib. **
R.Babayev