20178-ci ildə Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 20 layihənin icrasına qərar verib. Bu barədə Xidmətin rəisi Mirzə Əliyev çərşənbə axşamı jurnalistlərə məlumat verib.
“2018-ci ildə 20 layihənin icrasına qərar vermişik. Bunlardan 13-ü icra prosesindədir, daha 7-nin isə icrasına yaxın vaxtlarda başlanacaq”, - M.Əliyev bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin may ayından Xidmət kreditləşməni bərpa edib və ötən dövr ərzində fermerlərə 10 mln. manat ümumi məbləğində 151 kredit verilib. “Kreditlərin əksəriyyəti heyvandarlıq (84 kredit) və bağçılıq (19 kredit) sahəsinə yönəldilib”, - M.Əliyev qeyd edib.
O vurğulayıb ki, 2007-ci ildən etibarən fermerlərə 210 mln. manat məbləğində 22 min güzəıştli kredit verilib.
M.Əliyevin sözlərinə görə, Dünya Bankı ilə birgə AZRIP-2 layihəsi çərçivəsində 2,2 mindən artıq layihə reallaşdırılıb. “Xüsusilə, qadınların inkişafına dair pilot qrupların yaradılmasına başlamışıq. Cəmi 7 rayonda 151 qadını birləşdirən 12 qrup yaradılıb. Həmin qrupların dəstəklənməsi məqsədilə 7 biznes inkubator yaradılıb”, - o vurğulayıb.
M.Əliyev əlavə edib ki, 2019-cu ildə Xidmət tərəfindən daha 6 layihənin reallaşdırılnması planlaşdırılır. Onlardan 3-ü FAO, daha 3-ü Aİ ilə birlikdə reallaşdırılacaq. **
Ə.Məmmədov