2018-ci ildə Dövlət Gömrük Komitəsi tərəfindən gömrük sistemində 30-dan artıq korrupsiya faktı aşkar olunub. Bu barədə DGK-nin sədri Səfər Mehdiyev çərşənbə günü jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, cinayət tərkibli faktların əksəriyyəti müvafiq orqanlara təqdim olunub.
“Gömrük orqanlarında korrupsiyaya qarşı mübarizə aparırıq və aparacağıq. Cari il 30-dan artıq korrupsiya faktı aşkar olunub, 100-dən çox əməkdaş işdən azad edilib”, - S.Mehdiyev bildirib.
O vurğulayıb ki, 2018-ci il qaçaqmalçılığa qarşı mübarizə nöqteyi-nəzərindən də uğurlu olub. “Cari il 500-dən artıq qaçaqmalçılıq faktı üzrə cinayət işi başlanılıb. 1,2 ton nakotik vasitə, əsasən heroin aşkar edilərək götürülüb”, - S.Mehdiyev bəyan edib.
DGK-nin gələn il üçün planları barədə söz açan S.Mehdiyev bildirib ki, gömrük orqanlarının əsas vəzifəsi ticarətin sadələşdirilməsi olacaq. “2019-cu ildə DGK ixrac-idxal əməliyyatlarının sadələşdirilməsi məqsədilə gömrük-keçid məntəqlərində infrastrukturu yaxşılaşdırmağı planlaşdırır. Bundan əlavə, gömrük orqanları əməkdaşları və sahibkarlar arasında əlaqələrin minimuma endirilməsi məqsədilə iş həyata keçiriləcək. Bunun üçün həm ixrac, həm də idxal əməliyyatlarında yaşıl dəhlizlərin istifadəsinin genişləndirilməsi planlaşdırılır”, - S.Mehdiyev əlavə edib. **
Ə.Məmmədov