“SOCAR Turkiye Enerji” şirkəti (SOCAR-ın Türkiyədəki törəməsi - İF) STAR NEZ üçün neft və neft məhsullarının saxlanılması üzrə əlavə güclərin tikintisinə $120 mln. məbləğində yatırım həyata keçirməyi planlaşdırır. Bu barədə Türkiyə mətbuatı məlumat verir.
“SOCAR Turkiye Enerji” tərəfindən idarə olunan “STAR Rafineri A.S.” Petkim yarımadasında Əliağa rayonunda STAR NEZ üçün əlavə rezervuar parkı inşa etməyi planlaşdırır. Parka hər biri 100 min kubmetr həcmində neftin saxlanılması üçün iki rezervuar və hər biri 30 min kubmetr yanacağın saxlanılması üçün iki rezervuar daxil olacaq. Beləliklə, NEZ-in rezervuar gücləri 260 min kubmetr artacaq. Layihə $120 mln. həcmində qiymətləndirilir”, - KİV qeyd edir.
Əlavə rezervuar parkı 172,512 min kvadratmetr ərazidə inşa olunacaq. Neftin saxlanılması üçün rezervuar tikintisi STAR NEZ-ə bütün neftin neftdaşıyan tankerlərlə (Suezmax) çatdırılmasına imkan yaradacaq.
“Bu, xam neftin daşınması dəyərinin azalması hesabına NEZ-in gəlirliliyini artıracaq. Öz növbəsində, yanacağın saxlanılması üçün iki rezervuarın tikintisi NEZ-in istehsal güclərinin yüklənmə əmsalını artıracaq, zavodun fəaliyyətinin etibarlığını təmin edəcək, mümkün fasilələri azaldacaq və NEZ-də ağır və daha ucuz xam neftin emalına imkan yaradacaq”, - KİV bildirir.
27 dekabr 2018-ci il tarixində “STAR Rafineri A.S.” layihənin reallaşdırılması ilə bağlı rezervuar parkının tikintisinin Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin müzakirəsi məqsədilə ictimaiyyətlə görüş keçirəcək.
Hazırda “SOCAR Yatirim” “STAR Rafineri A.S.” şirkətinin 100% sahibidir.
19 oktyabr 2018-ci il tarixində STAR NEZ-in işə salınması mərasimi keçirilib. NEZ-də “Azeri Light”, “Kərkük” və “Urals” kimi neft markalarının emalı planlaşdırılır.
İllik zavodda 1,6 mln. ton nafta, 1,6 mln. ton reaktiv yanacaq, 4,8 mln. ton ultra aşağı kükürd tərkibli dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton reformat və 160 min ton kükürd istehsal olunacaq.
Zavodun tikintisi “Petkim” neft-kimya kompleksini xammalla təmin etməyə və SOCAR-ın dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi üçün xammalla böyük Aralıq dənizi bazarına çıxmasına imkan verəcək. **
N.Abbasova