Norveçin “Equinor” şirkəti 2019-cu ilin mart ayının ortalarında Xəzər dənizinin Azərbaycan sektorunda “Əşrəfi-Dan Ulduzu-Aypara” perspektiv strukturlar blokunda seysmik kəşfiyyat işlərinə başlamağı planlaşdırır. Bu barədə qeyd olunan seysmik tədqiqatların ətraf mühutə təsirinin qiymətləndirilməsinə (Ətraf Mühitə və Sosial Sahəyə Təsirinin Qiymətləndirilməsi, ƏMSSTQ) dair hesabatda deyilir.
“2019-cu ilin mart ayında “Əşrəfi-Dan Ulduzu-Aypara” blokunda seysmik kəşfiyyat işlərinə başlanılması planlaşdırılır.Tədqiqatlar bütövlükdə 42-45 gün vaxt aparacaq. Bunun 8-9 günü ikiölçülü (2D), 34-36 günü - üçölçülü (3D) seysmik işlərin payına düşür. 3D seysmik kəşfiyyat işləri 500 kvadratmetr, 2D seysmik kəşfiyyat işləri 800 kvadratmetr ərazini əhatə edəcək”, - sənəddə qeyd olunur.
Şirkətin məlumatına görə, seysmik işlərin həyata keçirilməsi zamanı bir seysmik, həmçinin keşikçi və köməkçi gəmilərin istifadəsi planlaşdırılır. Tədqiqat fəaliyyəti Bakı limanında yerləşəcək baza tərəfindən dəstəklənəcək.
Mayın 31-də Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Norveçin “Equinor” şirkəti “Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü” (HPBS) haqqında sazişi imzalanıb. Layihələrin icrası üçün “Equinor” və SOCAR tərəfindən 50-50 birgə əməliyyat şirkəti yaradılacaq.
İyunun 29-da Milli Məclis sazişi ratifikasiya edib. Sənəd iyulun 5-də qüvvəyə minib.
13 mlrd. kubmetr qaz və 17 mln. ton kondensat ehtiyatı ilə “Əşrəfi” yatağı 1999-cu ildə kəşf olunub. Bakıdan 100 kilometr şərqdə yerləşir. Yatağın yerləşdiyi sahədə dənizin dərinliyi 250 metrdən 450 metrə kimi dəyişir.
“Əşrəfi-Dan ulduzu” struktur blokunun işlənməsinə dair müqavilə 1997-ci ildə ARDNŞ (20%), BР (30%), “Unocal” (25,5%), “Itochu” (20%) və “Delta HESS”(4,5%) arasında imzalanıb. “Əşrəfi” yatağında 20-40 mln. ton karbohidrohen ehtiyatlarının olması aşkar edilib. Lakin müqavilə 2000-ci il martın 7-də hüquqi qüvvəsini itirib. **
N.Abbasova