Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının çərşənbə axşamı keçirilən iclasında 2019-cu il üçün büdcə layihəsi müzakirə olunub. Bu barədə ARDNF-dən məlumat verilir.
“Müşahidə Şurası tərəfindən ARDNF-in vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Fondun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilib və Fondun 2019-cu il üçün büdcə layihəsi Hesablama Palatasının rəyi ilə birlikdə təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib”, - məlumatda deyilir.
Fondun məlumatına əsasən, ARDNF-in 2019-cu il büdcəsinin gəlirlərinin 15 mlrd. 450,1 mln. manat, xərclərinin 11 mlrd. 595,2 mln. manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərin 30,9 mln. manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılıb.
“İclasda eyni zamanda "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da təklif edilən dəyişikliklər məqbul sayılıb və bu dəyişikliklərin təsdiq üçün Azərbaycan prezidentinə təqdim olunması tövsiyə edilib”, - məlumatda vurğulanır.
Cari il üçün ARDNF-in gəlirləri 15 mlrd. 310 mln. 823,9 min manat, xərcləri - 11 mlrd. 480 mln. 221,8 min manat məbləğində proqnozlaşdırılır.
ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.**
N.Abbasova