Təhsil naziri Ceyhun Bayramov gənclərin peşə təhsilinə marağının artdığını qeyd edir.
"Əmək bazarının iştirakçılarının peşə bacarıqlarının aşağı səviyyədə olması iqtisadiyyat üçün böyük problemlər yaradır. Bununla əlaqədar Azərbaycanda gənc nəslin peşə təhsilinə cəlb edilməsinə yüksək diqqət ayrılır ki, bu da gələcəkdə onların işə düzəlməsi üçün zəruridir", - deyə o, bu gün “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”da bildirib.
C.Bayramovun sözlərinə görə, Təhsil Nazirliyi bu məqsədlə 9-cu sinif məzunlarını təhsillərini ixtisaslaşdırılmış təhsil müəssisələrində davam etdirməyə cəlb etməyə çalışır. "Nəticədə son illər ərzində 9 sinifi bitirərək peşə təhsili müəssisələrində təhsil alan məktəblilərin sayı 27% artıb", - deyə nazir qeyd edib.
O, həmçinin 5-6 yaşlı uşaqların da ibtidai təhsil almasının əhəmiyyətini vurğulayıb.
"Uşaqlar nə qədər erkən yaşda oxumağa başlayırlarsa, onların gələcəkdə keyfiyyətli təhsil alması üçün potensial bir o qədər böyükdür. Bununla əlaqədar nazirlik 5-6 yaşlı uşaqlar üçün məktəbəqədər təhsilin təşkili və məktəbəqədər ictimai qrupların yaradılması ilə bağlı iki təşəbbüs reallaşdırır. Bütün bunların nəticəsi olaraq son illər ərzində ibtidai məktəblərə qəbulun səviyyəsi 24%-dən 75%-ə yüksəlib", - deyə C.Bayramov əlavə edib.
Onun sözlərinə görə, Azərbaycan, həmçinin xarici ali təhsil müəssisələri ilə birgə ikili diplomlar proqramı həyata keçirir. Bu istiqamətdə kənd təsərrüfatı, İKT və səhiyyə sahələri prioritet təşkil edir", - deyə təhsil naziri qeyd edib.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə gənclərin ali təhsil almağa marağının artdığını diqqətə çatdırıb. "Əgər əvvəllər ali məktəblərə daxil olmaq məqsəd idisə, indi vəziyyət dəyişib. Gənclər artıq anlayırlar ki, ali məktəblərdə yaxşı bilik əldə etmədən uğurlu karyera qurmaq çox çətindir", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, əgər 2014-cü ildə məktəb məzunlarının 22%-i ali təhsil müəssisələrinə daxil olmaq üçün sənəd vermirdisə, 2018-ci ildə bu göstərici 15% təşkil edib.*
R.Babayev