"AtaSığorta" şirkətinə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi dayandırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Bazarlarına Nəzarət Palatasından məlumat verilib.
Müvafiq qərar dekabr ayının 17-də qəbul edilib.
“Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin 17 dekabr tarixli qərarı ilə "AtaSığorta" ASC-yə təkrarsığorta fəaliyyətinə verilmiş lisenziyanın qüvvəsi 5 ay müddətinə dayandırılıb”, - deyə məlumatda bildirilir.
Səbəb "AtaSığorta"nın məcmu kapitalının tələb olunan kapitalından az olmasıdır (Azərbaycanda təkrarsığorta fəaliyyəti ilə məşğul olan sığorta şirkətlərinin məcmu kapitalına minimal tələb 10 mln. manat təşkil edir - İF).
"AtaSığorta" 2004-cü ilin sentyabr ayında sığorta fəaliyyətinə lisenziya alıb. Şirkət ölkənin 15 aparıcı sığorta şirkətindən biridir və 30 sığorta növü üzrə xidmətlər göstərir. Nizamnamə kapitalı 14,6 mln. manat təşkil edir.*
Ə.Məmmədov