Ukrayna prezidenti Petro Poroşenko inanır ki, Bakı və Kiyevin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Azərbaycan və Ukraynanın ərazi bütövlüyünün bərpasına təsir edəcək.
“İnanıram ki, iki ölkənin çoxtərəfli təşəbbüs və layihələr çərçivəsində səylərinin birləşdirilməsi Ukraynanın və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpasına təsir edəcək”, – deyə prezident İlham Əliyevin doğum günü münasibətilə P.Poroşenkonun ona ünvanladığı təbrik məktubunda bildirilir.
Ukrayna prezidenti qeyd edib ki, İ.Əliyevin uzaqgörən siyasəti və həyata keçirdiyi mühüm işlər sayəsində Azərbaycan qlobal miqyasda milli maraqlarını müdafiə edərək güclü regional liderə çevrilib, beynəlxalq arenada önəmli yer tutub.
“Qeyd etmək istərdim ki, Azərbaycan Ukrayna üçün etibarlı strateji tərəfdaş olaraq qalır. Əminəm ki, Ukrayna-Azərbaycan əməkdaşlığı gələcəkdə də yüksək dinamikası, eləcə də dövlətlərimiz və xalqlarımız arasında qarşılıqlı əlaqələrin dərinləşməsi ilə xarakterizə ediləcək”, – deyə o qeyd edib.
P.Poroşenko İ.Əliyevə möhkəm cansağlığı və ali dövləti fəaliyyətində uğurlar arzu edib.
Dekabrın 24-də prezident İ.Əliyevin 57 yaşı tamam olur.*
F.İsazadə