Azərbaycan prezidenti İlham Əliyev Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin yaradılması haqqında fərman imzalayıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Mərkəzin yaradılmasında məqsəd Dövlət Turizm Agentliyinin tabeliyində olan və tarixi-mədəni irsinin nadir nümunələrindən olan dövlət qoruqlarının idarə edilməsidir.
“Qoruqların ərazisində mədəni irsin qorunmasını və saxlanılmasını, onların turizm potensialından səmərəli istifadəni təmin etmək, həmçinin dövlət-özəl tərəfdaşlığına şərait yaratmaq, qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq üçün bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsinə və vahid idarəetmə sisteminin tətbiqinə zərurət yaranmışdır”, - sənədin mətnində qeyd olunur.
Mərkəz Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyində olan dövlət qoruqlarının ərazilərində yerləşən tarixi, maddi və qeyri-maddi mədəni irsə aid elementlərin, abidələrin elmi, tarixi və mədəni cəhətdən öyrənilməsinin, təbliğinin, qorunub saxlanmasının, inkişafının və onlardan məqsədyönlü istifadənin təmin edilməsi, qoruqların turizm potensialının artırılması sahəsində fəaliyyətlə məşğul olacaq.
Nazirlər Kabinetinə Mərkəzin nizamnaməsini və nizamnamə fondunun miqdarını iki ay müddətində təsdiq etmək tapşırlıb. **
N.Abbasova