Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinə bir ay müddətində neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarlarını müəyyən etməyi tapşırıb.
Prezidentin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” fərmanında müvafiq tapşırıq qeyd olunub.
Eyni zamanda, bu meyarlar Vergilər və Maliyyə Nazirlikləriinin təklifləri əsasında müəyyən olunmalıdır.
Vegi Məcəlləsinə qəbul edilən düzəlişlərə əsasən, bu islahatlar çərçivəsində 2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyridövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatadək olduqda gəlir vergisi üzrə 100 faiz müəyyən edilməsi nəzərdə tutulub. Muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8000 manatdan çox olduqda isə 44 faiz (25 faizdən 14 faizədək endirilməsi) güzəştin müəyyən edilməsi nəzərdə tutulub.
Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.
Hökumətin qiymətləndirmələrinə görə, ilkin mərhələdə bu islahatlar nəticəsində dövlət büdcəsinə “gəlir vergisi” maddəsi üzrə daxilolmalar bir qədər azala bilər. Lakin növbəti illərdə ölkədə iqtisadi fəallığın artması və “kölgə iqtisadiyyatı”nın payının azalması, vergi inzibatçılığının güclənməsi ilə bu vergi növü üzrə büdcəyə daxilolmalarda artım müşahidə olunacaq.
2019-cu il dövlət büdcəsində gəlir vergisi üzrə daxilolmalar 880 mln. manat məbləğində nəzərdə tutulub. 2018-ci il üçün bu növ üzrə daxilolmalar 1 mlrd. 196 mln. manat həcmində nəzərdə tutulur. **
Ə.Məmmədov