Prezident İlham Əliyev Vergi Məcəlləsinə 2019-cu ildən respublikaya idxal olunan avtobuslara aksiz vergisinin tətbiqini nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Mühərrikin həcmi 4000 kubsantimetrədək olduqda mühərrikin həcminin hər kubsantimetrinə görə 2 manat aksiz dərəcəsi, mühərrikin həcmi 6000 kubsantimetrədək olduqda 8000 manat və əlavə olaraq mühərrikin həcminin 4001-6000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 4 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
Bundan başqa, mühərrikin həcmi 8000 kubsantimetrədək olduqda 16.000 manat və əlavə olaraq mühərrikin həcminin 6001- 8000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 6 manat aksiz dərəcəsi, mühərrikin həcmi 10.000 kubsantimetrədək olduqda 28.000 manat və əlavə olaraq mühərrikin həcminin 8001-10.000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 8 manat aksiz dərəcəsi, mühərrikin həcmi 10.000 kubsantimetrdən çox olduqda 44.000 manat və əlavə olaraq mühərrikin həcminin 10.000 kubsantimetrdən çox hissəsi üçün hər kubsantimetrə görə 10 manat aksiz dərəcəsi müəyyənləşdirilib.
Ölkəyə idxal olunan avtobusların istehsal tarixi bir ildən çox və ya qət etdiyi məsafə 100.000 kilometrdən artıq olduqda isə aksiz hesablanmış məbləğə 1,5 əmsal tətbiq edilməklə hesablanır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana ümumilikdə $8 mln. 764,6 min (azalma 9,5%) dəyərində 179 ədəd avtobus (ötən ilin müvafiq dövrü ilə müqayisədə artım 20,9%) idxal edilib.*
Ə.Məmmədov