Rusiya Federasiyasının prezidenti Vladimir Putin prezident İlham Əliyevi 57 yaşının tamam olması münasibətilə təbrik edib. Bu barədə Azərbaycan prezidentinin saytında məlumat verilir.
“Siz həmvətənləriniz arasında və xaricdə haqlı olaraq təcrübəli və uzaqgörən siyasi xadim, öz ölkəsinin həqiqi lideri kimi nüfuz qazanmısınız. Dövlətlərimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə Sizin şəxsi töhfəniz əvəzsizdir”, - deyə V.Putinin təbrik məktubunda bildirilir.
O, Azərbaycan prezidenti ilə onun arasında yaranmış münasibətləri yüksək qiymətləndirib.
“Sizinlə konstruktiv dialoqun və sıx birgə işin davam edəcəyinə ümid bəsləyirəm”, - deyə V.Putin vurğulayıb.
"Rusiya Federasiyası ilə Azərbaycan Respublikasını bir-birinə bağlayan mehriban qonşuluq, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə Sizin sanballı şəxsi töhfənizi xüsusi qeyd etmək istəyirəm”, - deyə Rusiya Federasiyası Hökumətinin sədri D.Medvedevin təbrik məktubunda qeyd olunur.
O vurğulayıb ki, İlham Əliyev qarşılıqlı ticari-iqtisadi əlaqələrin inkişafına, energetika, sənaye və infrastruktur sahələrində perspektivli birgə layihələrin həyata keçirilməsinə daim diqqət ayırır.
“Əminəm ki, praktiki kooperasiyanın daha da genişlənməsi, qarşılıqlı faydalı yeni təşəbbüslərin inkişaf etdirilməsi hər iki ölkənin maraqlarına tamamilə uyğundur”, - deyə D.Medvedev bildirib.
V.Putin və D.Medvedev Azərbaycan prezidentinə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətində yeni uğurlar arzu ediblər.
Dekabr ayının 24-də prezident İlham Əliyevin 57 yaşı tamam olur.*
Ə.Məmmədov