Prezident İlham Əliyevin “hamının hamıya” prinsipi əsasında Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi təklifini ATƏT-in Minsk qrupunun həmsədrləri dəstəkləyirlər. Bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Prezident İlham Əliyev soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Vətənə qaytarılması məsələsini daim diqqət mərkəzində saxlayır və davamlı şəkildə bu məsələni ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və digər rəsmi nümayəndə heyətləri ilə müzakirə edir”, - deyə H.Hacıyevin 2018-ci ilin yekunlarına dair şərhlərində qeyd olunur.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi məsələsində prezident İlham Əliyevin nümayiş etdirdiyi sülhməramlı mövqe beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
“Dövlətimizin başçısının humanist xarakter daşıyan və “hamının hamıya” prinsipi əsasında Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı dəyişdirilməsi təklifini bütün beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri dəstəkləyirlər”, - deyə H.Hacıyev vurğulayıb.
Şöbə müdiri qeyd edib ki, 2018-ci il, həmçinin Ermənistanda Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta rejiminin iflası ilə yadda qalıb.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yürütdüyü siyasət, Ermənistanın təcridi Serj Sarkisyan rejiminin tarix səhnəsindən silinməsini şərtləndirən vacib amillərdən olub. Ermənistanda baş verən siyasi böhrana münasibətdə Azərbaycan prezident İlham Əliyevin şəxsində strateji təmkinini və yüksək siyasi mədəniyyətini nümayiş etdirdi”, - deyə H.Hacıyev bildirib.
Onun sözlərinə görə, Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesinin formatını dəyişmək və siyasi iddialar irəli sürmək cəhdlərinin qarşısı alındı. MDB-nin Düşənbədə keçirilmiş Sammiti çərçivəsində prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş söhbət əsnasında danışıqların münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılması və danışıqların davam etdirilməsi bir daha təsbit edildi.
Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti söhbət MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi Sammitində baş tutub.
“ATƏT-in Milanda keçirilmiş nazirlər toplantısında Minsk qrupunun həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul etdikləri birgə bəyanat danışıqların mövcud format əsasında davam etdirilməsini bir daha təsdiq edərək prezident İlham Əliyevin yürütdüyü diplomatiyanın qalibiyyətini nümayiş etdirir. Bu xüsusda prezident İlham Əliyevin nümayiş etdirdiyi konstruktiv siyasət və münaqişənin substantiv danışıqlar yolu ilə həll edilməsi mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir, ictimai açıqlamalarda və keçirilən görüşlərdə bu dəstək açıq şəkildə ifadə olunur”, - deyə H.Hacıyev bildirib.
Daha əvvəl məlumatlı mənbənin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, Azərbaycan Ermənistana hər iki tərəf arasında saxlanılan şəxslərin “hamının hamıya” prinsipi əsasında qarşılıqlı dəyişdirilməsini təklif edib.*
R.Babayev