Azərbaycan Silahlı Qüvvələri Ordunun döyüş qabiliyyətinin artırılması məqsədilə ən müasir döyüş texnikası, raket və artilleriya sistemlərindən istifadə edir. Bunu müdafiə naziri Zakir Həsənov deyib.
“Döyüş hazırlığının artırılması məqsədilə silahlanmaya ən müasir döyüş texnikası, raket və artilleriya sistemləri, hərbi təyinatlı digər vasitələr qəbul edilir, modernləşmə aparılır, müxtəlif səviyyəli genişmiqyaslı təlimlər keçirilir, yeni poliqonlar tikilir və digər istiqamətlərdə fəaliyyətlər həyata keçirilir”, - deyə Z.Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yeni istifadəyə verilən bir sıra obyektlərin açılışında iştirakı zamanı bildirib.
Onun sözlərinə görə, hərbi qulluqçuların təminatının, sosial-məişət şəraitinin, sağlamlıq məsələlərinin daim diqqətdə saxlanılması və yaxşılaşdırılması üçün yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi də dövlətimizin prioritet istiqamətlərindəndir.
Müdafiə naziri əmin olduğunu bildirib ki, hər bir hərbi qulluqçu üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə dəyərli töhfəsini verəcək.*
R.Babayev