Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Sabitliyi Şurasına yanvar ayı ərzində 2019-cu il üçün pul proqramını təsdiq etməyi tapşırıb.
Bu tapşırıqlar Azərbaycan prezidentinin “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə fərmanı çərçivəsində verilib.
Bundan əlavə, prezident Mərkəzi Banka tövsiyə edib ki, Maliyyə Nazirliyi ilə birlikdə, Azərbaycan Respublikası Maliyyə Sabitliyi Şurasının 2019-cu il üçün təsdiq etdiyi pul proqramına uyğun olaraq, pul və fiskal siyasətlərin daha sıx əlaqələndirilməsi istiqamətində tədbirlər görsün.
O cümlədən, AMB-yə inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul-kredit siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək tapşırılıb.
Prezident İlham Əliyevin fərmanına əsasən, 16 iyul 2016-cı il tarixində Azərbaycanda Maliyyə Sabitliyi Şurası yaradılıb.
Şuranın yaradılmasında məqsəd ölkənin makroiqtisadi sabitliyinin daha da möhkəmləndirilməsi və maliyyə dayanıqlılığının təmin edilməsidir. Şuranın sədri baş nazir təyin olunub. **
A.Əzizov