Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov Moskva və Bakı arasında hərbi-texniki əməkdaşlığı aktiv hesab edir.
«Hərbi-texniki əməkdaşlıq aktivdir, müdafiə nazirləri, Baş qərargahların rəisləri bir-biri ilə təmasdadırlar. RF Baş Qərargah rəisi üç dəfə Bakıda səfərdə olub, azərbaycanlı hərbçilər Rusiyanın ali hərbi məktəblərində təhsil alır, gəmilərin Azərbaycanın limanlarına girişi həyata keçirilir”, - deyə o, bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.
Səfirin sözlərinə görə, Qərbin Rusiya şirkətlərinə qarşı sanksiyaları qeyri-qanunidir. "Bu sanksiyalar rəqiblərin biznesi üçün üstünlüyü təmin etmək məqsədilə tətbiq olunur. Biz xarici ölkələrlə münasibətlərimizi sanksiyalar əsasında qurmuruq, milli maraqlara və dost-tərəfdaşlarımızın maraqlarına əsaslanırıq", - deyə diplomat RF-yə qarşı sanksiyaların Rusiya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığa necə təsir edəcəyi ilə bağlı suala cavab olaraq qeyd edib.*
F.İsazadə