Rusiya Azərbaycanla maşınqayırma, neft hasilatı və ASK sahələrində birgə müəssisələrin yaradılmasında maraqlıdır. Bunu Rusiyanın Bakıdakı səfiri Mixail Boçarnikov deyib.
“Planlarımızda neft hasilatında birgə müəssisələrin yaradılması nəzərdə tutulur. O cümlədən, maşınqayırma, kənd təsərrüfatı sahələrində müəssisələrin yaradılmasına dair planlar var”, - M.Boçarnikov Bakıda mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmçinin Rusiya Azərbaycana kənd təsərrüfatı maşınqayırması məhsullarının tədarükündə maraqlıdır. “Biz həmçinin bu cür maşınların birgə istehsalını təşkil etməyə hazırıq”, - səfir əlavə edib.
M.Boçarnikov qeyd edib ki, bu məsələ Hökumətlərarası Komissiyanın iclasında (dekabr ayında Moskvada - İF) müzakirə olunub və yekun sənədində öz əksini tapıb. “Komissiya bu cür müəssisələrin yaradılmasına imkan yaratmağa dair müvafiq göstəriş verib”, - diplomat vurğulayıb.
Səfir bildirib ki, Azərbaycan iqtisadiyyatına Rusiyanın sərmayələri $4,2 mlrd. həcmində qiymətləndirilir. “İstərdik ki, müəssisələrimiz Azərbaycan iqtisadiyyatının, həmçinin iqtisadi əlaqlərimizin şaxələndirilməsinə şərait yaratmaq məqsədilə sənaye sahəsinə daha çox diqqət ayırsınlar”, - diplomat bəyan edib.
M.Boçarnikov vurğulayıb ki, Azərbaycan və Rusiya fəal şəkildə qeyri xammal məhsulların ticarətini həyata keçirirlər. “Bu, ticarətimizin nəinki xammal, o cümlədən daha yüksək səviyyədə – emal sahəsində həyata keçirildiyindən xəbər verir. Öz növbəsində, sənaye istehsalının inkişafına imkan yaradacaq müəssisələrə dövlət tərəfindən dəstək göstərəcəyik”, - M.Boçarnikov qeyd edib. **
F.İsazadə