Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) 2019-cu il yanvarın 25-dən Bakının Yasamal rayonunda sosial mənzillərin inşası çərçivəsində 7 binada 174 mənzilin satışına başlamağı planlaşdırır. Bu barədə MİDA-nın məlumatında deyilir.
“Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzil, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin satışı 25 yanvar 2019-cu il tarixində saat 11:00-da başlayacaq və 8 fevral 2019-cu il tarixi saat 11:00-dək davam edəcək. Satışa ümumilikdə 174 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur”, - deyə məlumatda bildirilir.
1-5 saylı binaların tikintisinin baş podratçısı «NN Group» MMC, 6-7 saylı evlərin tikintisinin baş podratçısı isə «Hünər-İnşaat» firmasıdır. Bu binalarda tikinti-quraşdırma işləri sentyabrın 1-də başa çatıb.
Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edirlər) əsasında mənzilləri seçə biləcəklər.
Mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün mənzillərin satışı aşağıdakı qiymətlərdən başlayır: 1 otaqlı mənzil - 26,959 min manat, 2 otaqlı mənzil - 42,853 min manat, 3 otaqlı mənzil - 59,363 min manat.
Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda 1 otaqlı mənzil 29,954 min manata, 2 otaqlı mənzil 47,614 min manata, 3 otaqlı mənzil isə 65,959 min manata başa gələcək. İlkin ödəniş mənzilin ümumi dəyərinin 10%-ni təşkil edəcək. İpoteka krediti 3 ildən 30 ilədək müddətə və illik 4%-lə verilir.
Xəbər verildiyi kimi, 2016-cı il dekabrın 24-də Yasamal rayonu ərazisində yeni yaşayış kompleksinin təməli qoyulub.
Ümumi sahəsi 11,6 hektar olan kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Onların 17-si ikibloklu 9 mərtəbəli bina, 12-si isə birbloklu 12 mərtəbəli bina olacaq.
Bundan əlavə, kompleksin ərazisində bir sıra sosial obyektlər tikiləcək.*
N.Abbasova