Cari ilin 11 ayı ərzində Azərbaycana səfər edən turistlərin sayı 2,5 mln.-a yaxın təşkil edib, bu da 2017-ci ilin analoji dövrünün göstəricisindən 6% çoxdur. Bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
“2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycana səfər etmiş əcnəbilərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 6% və ya 151 min nəfər artıb və təxminən 2,5 milyona çatıb”, - məlumatda deyilir.
Səyahət edənlərin 50%-dən çoxu Rusiya və Gürcüstandan gəlib. Bu ölkələrdən gələnlərin sayı 3,5% və 12,7% artaraq, 817,7 min və 550,4 min nəfər olub.
Ən mühüm turist axınında artım Yaxın Şərq və Asiya ölkələrindən müşahidə olunur. Bu regionlardan gələn turistlərin sayı müvafiq olaraq 39% və 56% artaraq 345,5 min və 297 min nəfər təşkil edib.
Eyni zamanda, 11 ay ərzində Azərbaycana BƏƏ-dən 81 min nəfər, Səudiyyə Ərəbistanından - 70 min nəfər, İraqdan - 64 min nəfər, Pakistandan - 37 min nəfər, Qazaxıstandan - 35 min nəfər, Hindistandan - 35 min, Türkmənistandan - 25 min nəfər səyahət edib.
Həmçinin, DTA İran və Türkiyədən turist axınında azalma qeyd edir. Cari ilin yanvar-noyabr aylarında İrandan gələn turistlərin sayı 33% - 227 min nəıfərdək, Türkiyədən – 3% - 267 min nəfərədək azalıb. **
R.Babayev