Dövlət Gömrük Komitəsi (DGK) buraxılış məntəqələrində elektron növbə sistemini 2019-cu ilin ortalarınadək tətbiq etməyi planlaşdırır. Bu barədə bu gün jurnalistlərə DGK-nın sədri Səfər Mehdiyev deyib.
«Növbə sistemi “yaşıl dəhliz” sisteminin tətbiqinə başlandıqdan sonra tətbiq olunacaq. Hazırda proqram təminatının yaradılması və texniki vasitələrin alınması üçün layihələndirmə prosesi gedir. Düşünürəm ki, sözügedən sistem gələn ilin ortalarınadək tətbiq olunacaq», - deyə o qeyd edib.
Sistem vətəndaşlara gömrük məntəqələrində sıxlıqla bağlı vəziyyəti qabaqcadan öyrənməyə imkan verəcək. Sistemdə qeydiyyatdan keçən vətəndaşlar sərhədi keçməzdən əvvəl buraxılış məntəqəsində vəziyyətlə tanış ola biləcəklər. Sıxlığın vəziyyəti yaşıl, sarı və qırmızı rənglərlə qeyd ediləcək. Bununla da vətəndaşlar sərhədi keçmək üçün optimal vaxtı seçə biləcəklər.*
Ə.Məmmədov