2019-cu ilin fevral-mart aylarında Bakıda OPEC+ çərçivəsində sazişin icrası üzrə Nazirlərin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək. Bu barədə Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, energetika nazirinin müşaviri Zəminə Əliyeva bildirib.
“Gələn il fevralın sonu – mart ayında Bakıda OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasının keçirilməsi planlaşdırılır. Lakin, görüşün dəqiq tarixi hələlik razılaşdırılmayıb”, - Z.Əliyeva
Öncə OPEC-in prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika və sənaye naziri Suheil əl-Mazrui bəyan edib ki, “2018-ci ilin yayında neft bazarında əldə olunan balansın bərpası məqsədilə” gələn il fevralın sonu – mart ayında Bakıda OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclası keçiriləcək.
Xəbər verildiyi kimi,dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.OPEC ölkələri neft hasilatının 2,5%, qeyri-OPEC ölkələri – 2% azalmağa dair öhdəlik götürüb. Saziş 2019-cu ilin aprel ayında mümkün nəzərdən keçirilməsi şərti ilə yarım il müddətinə uzadılıb.
Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel - 776 min barrelədək azaltmaq öhdəliyi götürüb. **
N.Abbasova