İqtisadiyyat naziri Şahin Mustafayev Serbiyaya Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyi təklif edib.
“Azərbaycan sahibkarları Serbiya iş adamları ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsində maraqlıdır. İndiyədək ölkələrimiz arasında 30-dan çox sənəd imzalanıb, 2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 33%, 2018-ci ilin 11 ayının yekunları üzrə isə 36% artıb”, - deyə Ş.Mustafayev bu gün Bakıda Serbiya Respublikasının baş nazirinin müavini, ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyayiçlə görüşdə bildirib.
O qeyd edib ki, kənd təsərrüfatı, turizm, İKT sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar var.
R.Lyayiçin sözlərinə görə, ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və Belqrad Bakı ilə iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə böyük önəm verir.
Serbiyaya investisiya qoyuluşu sahəsində tətbiq olunan güzəştlər barədə danışan R.Lyayiç Azərbaycan iş adamlarını Serbiyaya investisiya yatırmağa dəvət edib.*
B.Rüstəmbəyov