BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda quyularda axının stimullaşdırılması fəaliyyətlərini həyata keçirməyi planlaşdırır. Bu barədə şirkətdən məlumat verilir.
“Stimullaşdırılma fəaliyyətləri 17 quyunu əhatə edəcək. İşlərə dekabırın sonunadək “Qərbi Azəri” hasilat platformasından başlanacaq”, - məlumatda qeyd olunur.
Stimullaşdırılma əməliyyatı quyunun gövdəsinə karbohidrogen axınının artırılması məqsədilə həyata keçirilir. Qeyd olunan işlərin həyata keçirilməsində Topaz şirkətinə məxsus modernləşdirilmiş “Caspian Provider” gəmisindən istifadə olunacaq.
“Modernləşdirilmə işləri BP-nin sifarişi ilə “Baker Hughes, GE” şirkəti tərəfindən yerinə yetirilib. Noyabrın sonunda gəmi istismar sınaqlarından keçərək dənizə yola salınıb.İlk dəfə Xəzərdə yataqdakı hasilatı artırmaq üçün gəmidən istifadə etməklə quyularda axının stimullaşdırılması fəaliyyəti aparılacaq”, - məlumatda qeyd edilir.
BP-nin məlumatına görə, əvvəllər bu fəaliyyət platformalardan həyata keçirilirdi və qazma avadanlığının mövcudluğu, göyərtədə əlavə heyətin olması, göyərtədə yer məhdudiyyəti və kimyəvi maddələrlə görülən işlərdən irəli gələn texniki təhlükəsizlik məsələləri səbəbindən turşu həcmlərinin məhdud olması kimi bir sıra çətinliklər yaradırdı.
Bundan əlavə, platformadan həyata keçirilən stimullaşdırma fəaliyyətləri daha çox vaxt tələb edirdi – 2016-cı ildə başlamış 14 quyuda axının stimullaşdırılması işlərini tamamlamaq üçün iki il vaxt tələb olunub.
“Biz bir neçə vaxtdır ki, bir sıra variantlar üzrə quyularda axının stimullaşdırılması fəaliyyətlərini optimallaşdırmağın variantlarını öyərnirdik. Dünyada bu əməliyyatlar xüsusi təyinatlı nasoslu gəmilərdən həyata keçirilir, lakin kanallar vasitəsilə daşımalarda logistika məhdudiyyətləri olduğuna görə Xəzər dənizinə bu cür gəmi gətirmək mümkün olmayıb. Buna görə də, biz stimullaşdırma qurğusunu xidmət təchizatçımız olan gəmilərdən birinə quraşdırmaq və beləliklə də platformalarımızı resurs sərf edən əməliyyatlardan azad etmək qərarına gəldik”, - məlumatda BP-nin quyular üzrə vitse-prezidenti Mayk Zanqinin sözlərindən sitat gətirilir.
Hazırda AÇG blokunda 112 neft hasilatı quyusu və 53 suvurma və qazvurma quyusu mövcuddur. Blokdan orta sutkalıq neft hasilatının həcmi 588 min barel təşkil edir. AÇG bloku istismara veriləndən etibarən yatağdan 3,5 mlrd. barel neft hasil edilib.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib. “Çıraq” yatağından neft hasilatı 1997-ci ilin noyabrından, “Azəri” yatağının mərkəzi hissəsindən 2005-ci ilin fevralın 13-dən, “Azəri” yatağının qərb hissəsindən 2005-ci il dekabrın 30-dan, “Azəri” yatağının şərq hissəsindən 2006-cı il oktyabrın 31-dən həyata keçirilir. 2008-ci ilin aprel ayının əvvəlindən “Günəşli” yatağının dərinsulu hissəsində, 2014-cü il yanvarın 29-dan isə “Çıraq” yatağının qərb hissəsində neft hasilatına başlanılıb.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun 2050-ci ilədək işlənməsi haqqında yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, “Chevron” (Amerika) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Statoil” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir.
Yeni saziş çərçivəsində 2050-ci ilədək investisiya qoyuluşları $40 mlrd. həcmində qiymətləndirilir və 500 mln. tondan çox neft hasil olunacağı nəzərdə tutulur. **
N.Abbasova