2018-ci ilin sonunadək Azərbaycanda 8 “Kiçik və orta biznesin dostu” («KOB Dostu») mərkəzi fəaliyyət göstərəcək. Bu barədə Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov məlumat verib
“Artıq Masallı, Siyəzən, Xaçmaz və Şabranda “KOB Dostu” mərkəzləri fəaliyyətə başlayıb. Yaxın günlərdə Gəncə, Yevlax, Quba və Qusarda da “KOB Dostu” fəaliyyətə başlayacaq”, - deyə o, KOBİA-nın Müşahidə Şurasının ilk iclasında bildirib.
Sədrin sözlərinə görə, həmçinin ilk “KOB evi”nin Bakı şəhərində yaradılması istiqamətində işlər aparılır. “KOB evi”nin 2019-cu ildə açılması planlaşdırılır.“KOB evləri”ndə sahibkarlara 34 dövlət təşkilatının 110 xidməti təqdim ediləcək.
Prezident İlham Əliyev 2017-ci ilin dekabr ayında “Kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb.
Fərmana əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi yaradılıb. Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin funksiyalarına ölkədə kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi, KOS subyektlərinə xidmətlərin göstərilməsi daxildir. Agentliyin tərkibində “Kiçik və orta sahibkarlıq evi” fəaliyyət göstərəcək.
10 iqtisadi rayon üzrə 60 “KOB Dostu” şəbəkəsi yaradılacaq.*
B.Rüstəmbəyov