Belqrad Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair səyləri alqışlayır. Bunu Serbiya Respublikasının prezidenti Aleksandr Vuçiç deyib.
"Serbiya BMT-nin üzvü olan bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətə prinsipial olaraq sadiqdir və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə dair səyləri alqışlayır”, - deyə prezident İlham Əliyevin doğum günü münasibətilə A.Vuçiçin təbrik məktubunda qeyd olunur.
O, Kosovonun müstəqilliyinin birtərəfli qaydada elan olunmasını tanımamaqla bağlı Azərbaycanın prinsipial mövqeyinə, habelə suverenliyinin və ərazi bütövlüyünün saxlanılması üçün beynəlxalq təşkilatlarda Serbiyaya göstərdiyi dəstəyə görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib.
"Mən Serbiya-Azərbaycan münasibətlərinə böyük əhəmiyyət verirəm. Əminəm ki, biz bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün imkanlardan birgə fəaliyyətimizlə istifadə edəcəyik”, - deyə A.Vuçiç vurğulayıb.
O, İ.Əliyevi Belqrada dəvət edib. “Əminəm ki, Sizin səfəriniz Serbiya ilə Azərbaycan arasında sıx münasibətlərə xüsusi töhfə verəcək”, - deyə Serbiya prezidenti bildirib.*