Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bəyan edir ki, Bakı Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyini təmin etməyə və onlara yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır.
“Ölkəmiz digər etnik mənsubiyyətdən olan Azərbaycan vətəndaşları kimi, öz beynəlxalq öhdəliklərinə uyğun olaraq Dağlıq Qarabağdakı erməni əsilli vətəndaşlarının da təhlükəsizliyini təmin etməyə və onlara Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində yüksək səviyyədə özünüidarəetmə hüququ verməyə hazırdır”, - E.Məmmədyarov “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz doğma yurd-yuvalarına geri qayıtmağa hazırdır və icmanın bu yaxınlarda verdiyi bəyanatında qeyd olunan məsələ növbəti dəfə səsləndirildi.
O qeyd edib ki, bir müddət öncə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmaslar mövcud idi, “lakin əfsuslar olsun ki, Ermənistanın keçmiş siyasi rəhbərliyinin xidmətləri nəticəsində bu təmaslara son qoyuldu”.
“Bilirsiniz, torpaqları götürüb başqa bir yerə köçmək mümkün deyil və münaqişənin həllindən sonra, əlbəttə sözügedən iki icma birgə yaşamalı olacaq. Məhz bu baxımdan Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında təmasların bərpa edilməsi vacibdir və bu təmaslar təşviq olunmalıdır”, - nazir vurğulayıb. **
F.İsazadə