Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi ilə ilk yük bu gün Əfqanıstandan Bakı Beynəlxalq Dəniz Ticarət Limanına gətirilib.
Limanın mətbuat katibi Vəfa Səfərli-Abdullazadə jurnalistlərə bildirib ki, yükün çəkisi 175 tondur. Yükün birinci partiyasını quru meyvələr və ədviyyatlar təşkil edir.
“Bu, Lapis-Lazuli marşrut xətti ilə Azərbaycana gətirilən ilk yük partiyasıdır. 9 tır Türkmənistan ərazisindən keçməklə Əfqanıstandan yola salınıb”, - deyə o qeyd edib.
Mətbuat katibinin sözlərinə görə, yük Azərbaycandan Gürcüstana və Avropaya yola salınacaq.
«Gələcəkdə Hindistanın da bu marşruta qoşulması gözlənilir», - deyə V.Səfərli-Abdullazadə əlavə edib.
2018-ci il dekabrın 13-də Əfqanıstanın qərbindəki Herat əyalətində Lapis Lazuli beynəlxalq nəqliyyat dəhlizinin açılışı olub.
2017-ci ilin noyabr ayında Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında sözügedən ölkələri birləşdirən Lapis-Lazuli marşrutunun yaradılmasına dair saziş imzalanıb. Saziş tranzit logistikasının və gömrük prosedurlarının sadələşdirilməsinə yönəldilib.
Nəzərdə tutulur ki, dəmir yolu xətləri və avtomobil yolları, Əfqanıstanın Herat əyalətindəki Torqundi şəhərini Aşqabadla, sonra Xəzər dənizindəki Türkmənbaşı limanı ilə birləşdirəcək. Daha sonra dəhliz Xəzərdən Bakıya qədər və Tbilisidən Poti və Batumidə haçalanmaqla, Ankaraya, oradan isə İstanbula qədər davam edəcək.*
B.Rüstəmbəyov