Azərbaycan prezidenti İlham Əliyev dünya azərbaycanlılarını 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.
“Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram”, - dövlət başçısının saytında dərc olunan prezidentin məktubunda deyilir.
Dövlət başçısı vurğulayıb ki, “xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk”.
Onun sözlərinə görə, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaq. “Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir. Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilib”, - təbrik məktubunda qeyd olunur.
Prezident vurğulayıb ki, dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir.
“Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər”, - İ.Əliyev bildirib.
Vurğulanır ki, Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir.
“Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər”, - İ.Əliyev bəyan edib. **
R.Babayev