Latviya Avropa və Asiyanı birləşdirən nəqliyyat dəhlizləri çərçivəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bunu Latviya prezidenti Raymonds Veyonis deyib.
"Latviya Asiya, Mərkəzi Asiya, Qara dəniz ölkələri və Şimali Avropa arasında yerüstü nəqliyyat qovşaqlarında Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Azərbaycan ərazisindən iki əhəmiyyətli beynəlxalq nəqliyyat dəhlizi keçir – "Şimal-Cənub" və yeni İpək yolunun bir hissəsi olan və Xəzər dənizi ilə Qara dəniz arasında strateji əlaqə yaradan Avropa-Qafqaz-Asiya dəhlizləri. Buna görə Latviya Azərbaycanı Avrasiyada yeni nəqliyyat marşrutlarının inkişafı üçün çox mühüm tərəfdaş hesab edir", - deyə R.Veyonis "Caspian Energy" jurnalına müsahibəsində qeyd edib.
O, həmçinin vurğulayıb ki, tranzit xidmətləri sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Latviya limanlarına və logistika mərkəzlərinə sərmayə qoyuluşları alqışlanır.
Latviya liderinin sözlərinə görə, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün daha bir perspektiv istiqamət hava nəqliyyatı ilə yük daşımaları ola bilər.
"2018-ci ilin 10 ayı ərzində daşınan yüklərin həcmi demək olar ki, iki dəfə artıb. Qeyd etmək lazımdır ki, ölkələrimiz arasında hava daşımaları da aeroportlarımızın tranzit qovşaqları qismində inkişafına imkan yaradır. Latviyanın aviasiya şirkətləri əməkdaşlığı davam etdirməyə, sərnişinlərin sayını və daşımaların həcmini artırmağa hazırdır", - deyə R.Veyonis vurğulayıb.
O, həmçinin xatırladıb ki, hazırda Latviya şirkətləri Azərbaycanda müxtəlif sektorlarda - maliyyə, konsaltinq və hüquq xidmətlərinin göstərilməsi, nəqliyyat və logistika, injinirinq, informasiya texnologiyaları və telekommunikasiya, arxitektura, tikinti, inşaat materialları, kimyəvi preparatlar, əczaçılıq, turizm və təhsil sahələrində fəaliyyət göstərir.
"Latviya bu əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Biz şadıq ki, Azərbaycan Latviya ilə ticarət və iqtisadi əlaqələri yüngülləşdirmək üçün 2018-ci ildə Riqada Ticarət Evi açmağa qərar verib. Azərbaycandan Latviyaya əsasən qida məhsulları, plastik və rezin məmulatlar, eləcə də mexaniki və elektrik avadanlığı ixrac olunur", – deyə Latviya prezidenti qeyd edib.
O əlavə edib ki, Azərbaycan da Latviya ilə qida, əczaçılıq və sənaye sahələrində əməkdaşlığın inkişafında, birgə kənd təsərrüfatı müəssisələrinin yaradılmasında maraqlı olduğunu bildirib.
R.Veyonis Cənub Qaz Dəhlizinin inkişafında Azərbaycanın rolunu yüksək qiymətləndirib.
"Latviya Azərbaycan və Aİ arasında münasibətlərin möhkəmlənməsini hər zaman dəstəkləyib. Enerji təchizatının təhlükəsizliyi və şaxələndirilməsi Aİ-nin prioritetlərindən biridir. Buna görə Latviya Avropaya enerji daşıyıcılarının tədarük marşrutlarının şaxələndirilməsini dəstəkləyir. Biz CQD-nin inkişafında Azərbaycanın həlledici rolunu qiymətləndiririk", - deyə prezident vurğulayıb.*
N.Abbasova